
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası müşavirədən sonra davam etdirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vaqif Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmə əsasən, Vaqif Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
***14:10
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası fasilədən sonra davam etdirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryanın vəkili Radmila Abılova müdafiə çıxışı edir.
***11:19
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
İş üzrə dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun çıxış edərək Vaqif Xaçaturyanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror çıxışında deyib ki, Vaqif Xaçaturyan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Prokuror həmçinin, çıxışında niyə Meşəli soyqırımını törətməkdə təqsirləndirilənlərdən Vaqif Xaçaturyana 15 il cəza tələb etməsinin səbəbini izah edib. Belə ki, onun ittiham olunduğu soyqırım, sülh və müharibə əlehinə olan cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmə cəzasıdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi qadağandır.
V.Xaçaturyanın 65 yaşı keçməsi səbəbindən ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkün deyil. Bundan başqa, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.
Lakin Vaqif Xaçaturyan cinayət əməllərini 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və müharibə əlehinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə olub. Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçaturyan hazırki qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan doğrudur. Bu səbəbdən prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə olan 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.
Vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Prosesdə saat 14:00-ə qədər fasilə elan edilib.
Qeyd edək ki, 1991-ci ildə baş verən Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Tətbiqimizi yükləyə bilərsiniz