
ABŞ-ın Nyu-Cersi ştatından doqquz konqresmen və bir senatorun Azərbaycanda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun azad edilməsi üçün ABŞ dövlət katibi Entoni Blinkenə müraciət etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçının qardaşı Qalib Bayramov sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
O bildirib ki, müraciətdə qardaşının dərhal və qeyd-şərtsiz azad edilməsi üçün bütün diplomatik kanallardan və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıqdan istifadə etmək çağırışı yer alıb:
“Konqresmenlər Dövlət Departamentindən Qubad İbadoğlunun həbsdən azad olunması istiqamətində görülən işlərlə bağlı hesabat tələb edib”.

Xatırladaq ki, Q.İbadoğlunu iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.
İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.