Dağıstanda iğtişaşların 20-dən çox iştirakçısı müəyyənləşib


Rusiya İstintaq Komitəsi Dağıstandakı iğtişaşlarda fəal iştirak edən 20-dən çox şübhəli şəxsi müəyyənləşdirib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Bu günə kimi iğtişaşların fəal iştirakçıları olan 20-dən çox şübhəli şəxsin şəxsiyyəti müəyyən edilib. İlkin məlumatlara görə, iğtişaşlar nəticəsində dəymiş ziyan yüz milyonlarla rubl təşkil edib. Dəymiş ziyanın dəqiq məbləğinin müəyyən edilməsi üçün zəruri ekspertizalar təyin edilib”, - məlumatda bildirilib.
Komitədən bildirilib ki, cinayət işi çərçivəsində iğtişaşlar zamanı hava limanında olan onlarla şəxs dindirilib, həmçinin müşahidə kameralarının məlumatları, şahidlərin, zərərçəkənlərin, o cümlədən, hüquq-mühafizə orqanlarının əməkdaşlarının ifadələri təhlil edilib.
İstintaq Komitəsi qeyd edib ki, Rusiya qanunvericiliyi zorakılıq və talanlarla müşayiət olunan kütləvi iğtişaşlarda iştiraka görə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Bu cür aksiyaların təşkilatçıları üçün 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qeyd edək ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları oradan çıxarıblar. Polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, iğtişaşın 80-dən çox iştirakçısı saxlanılıb. Rusiya Prezidenti Vladimir Putin isə iğtişaşların xaricdən planlaşdırıldığını deyib.

DİGƏR XƏBƏRLƏR

Top