“Rusiya Roma Statutu ilə bağlı Ermənistanla müqavilə bağlamayacaq”


“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutu ilə bağlı Ermənistanla müqavilə bağlamayacaq”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu fikri Federasiya Şurasının (FŞ) Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ermənistan hakimiyyətinin Roma Statutunun tələblərindən yan keçəcək dövlətlərarası saziş imzalamaq təklifini “Solovyov Live” TV kanalında şərh edərkən deyib.
“Düşünürəm ki, bizimlə Ermənistan arasında BCM-lə bağlı əlavə razılaşma olmayacaq. Biz bu strukturu ümumiyyətlə tanımırıq. Niyə görə biz bu məsələ ilə bağlı hansısa yeni sazişi müzakirə etməliyik?” - Cabarov bildirib.
“Əgər biz sülh şəraitində, mehriban qonşuluq şəraitində yaşamaqda davam etmək, bir-birimizə yardım və qarşılıqlı dəstək göstərmək istəyiriksə, düşünürəm ki, erməni həmkarlarımız gec-tez Roma Statutuna qoşulmaq qərarından əl çəkməli olacaqlar", - Cabarov əlavə edib.
Qeyd edək ki, oktyabrın 3-də Ermənistan Parlamenti BCM-in Roma Statutunun ratifikasiyasına səs verib. 60 deputat qərarın lehinə, 20 deputat isə əleyhinə olub.
Məsələnin müzakirəsini boykot edən müxalif “Ermənistan” və “Mənim namusum var” fraksiyaları iclas zalına qayıdıb və qərarın əleyhinə səs veriblər. Onlar qeyd ediblər ki, sənədin qəbul edilməsinin Ermənistanın maraqları ilə heç bir əlaqəsi yoxdur və geosiyasi məqsədlər güdür.
Moskva isə Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım adlandırıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin BCM-nin ədalətlə heç bir əlaqəsi olmadığını və siyasiləşmiş qərbyönlü struktura çevrildiyini bildirib. Qaluzin, həmçinin, Rusiyanın ali rəhbərliyinin nümayəndələrinin həbsini nəzərdə tutan sərəncamların hüquqi baxımdan etibarsız olduğunu vurğulayıb.
Öz növbəsində Paşinyan bildirib ki, İrəvan öz xarici siyasət vektorunu dəyişmir. O qeyd edib ki, Roma Statutunun ratifikasiyası heç bir şəkildə Rusiyaya qarşı yönəlməyib və proses BCM Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməmişdən əvvəl başlayıb. Onun sözlərinə görə, Roma Statutu ayrı-ayrı ölkələrlə münasibətləri ikitərəfli əsasda tənzimləmək imkanı verir.

DİGƏR XƏBƏRLƏR

Top