Sumqayıtda 2-ci mikrorayonda psixi problemləri olan qadının küçədə yatdığı bildirilir.
Bu barədə Yeniavaz.com-a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
“Hər gün axşamlar saat 8-9-dan sonra Sumqayıtda, Heydər Əliyev prospektində ağacın altında oturur. Gecələr elə oralarda, binaların arasında, dükanların daldalanacağında yerdə yatır. Ətrafdakılar ona yemək verir. Çox güman ki, psixi pozuntusu var. Çox acınacaqlı durumdadır. Artıq neçə aydır, yağışlı, soyuq havalarda da çöldə qalır”.
Sakinlər sözügedən qadının fotolarını da təqdim ediblər.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən Yeniavaz.com-a açıqlama verilib. Bildirilib ki, qurumun əməkdaşları ötən gün müxtəlif saatlarda əraziyə baxış keçiriblər:
“Həmin qadın ərazidə olmayıb. Əməkdaşlar əraziyə yenə də baxış keçirəcəklər. Yaxındakı sakinlər və ictimai-iaşə obyektlərinin əməkdaşlarına da sözügedən qadının əraziyə gəldiyi təqdirdə Agentliyə məlumat vermələri ilə bağlı müraciət olunub. Qadın əraziyə gəldiyi halda Agentlik əməkdaşları onunla görüşərək, sosial xidmətlərə ehtiyacının qiymətləndirilməsini həyata keçirəcəklər”.
Murad Məmmədov