“Xilasedicilər Karaqandadakı “Arcelormittal Temirtau” şirkətinin “Kostenko” mədənində baş vermiş qəzada həlak olan sonuncu şəxsin qalıqlarını aşkar ediblər. Beləliklə, faciə qurbanlarının ümumi sayı 46 nəfərə çatıb”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov hökumətin iclasında bildirib.
“Bu günə qədər axtarış-xilasetmə əməliyyatları zamanı 45 şaxtaçının cəsədi və ehtimal olunan 46-cı həlak olan şaxtaçının qalıqları tapılıb. Ölənlərdən 40 nəfərin şəxsiyyəti müəyyən edilib, 6 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hazırda onların kimliyini müəyyən etmək üçün lazımi ekspertizalar aparılır”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə işlərini elektrik enerjisinin olmaması, həmçinin, çoxlu dağıntıların baş verməsi çətinləşdirib. Eyni zamanda, əksər iş yerlərini su basdığı üçün bu iş yerlərinə də giriş çətin olub.
“Hazırda açıq yanğın ocağı yoxdur. Mədənin fəaliyyətini bərpa etmək üçün mədənin texniki vəziyyətinin yoxlanılması, həmçinin, müəyyən ərazilərdən suyun vurulması işləri aparılır", - Şaripxanov deyib.
O izah edib ki, hazırda hökumət komissiyasından əlavə yeddi alt komitə yaradılıb və hadisənin baş vermə şəraitinin öyrənilməsi ilə bağlı işlər aparılır.
Nazir əlavə edib ki, araşdırmaya Qazaxıstanın, yaxın və uzaq xarici ölkələrin ekspert təşkilatları da cəlb olunub. Onun sözlərinə görə, oktyabrın 30-dan etibarən Karaqanda vilayətinin beş şaxtasında hasilat bərpa edilib.
Qeyd edək ki, bundan əvvəl fövqəladə vəziyyət nəticəsində 45 nəfərin öldüyü bildirilirdi.