
Argentina millisinin və Amerikanın “İnter Mayami” komandasının superulduzu, 36 yaşlı hücumçu Lionel Messi 8-ci dəfə dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını qazanıb.
Yeniavaz.com xəbər verir ki, Parisdə keçirilən mərasimdə mükafatı Messiyə İngiltərə millisinin sabiq futbolçusu, “İnter Mayami”nin həmsahibi Devid Bekhem təqdim edib.
Qeyd edək ki, ötən mövsüm Messi Argentina millisi ilə dünya, “Paris Saint-Germain” ilə isə Fransa çempionu olub.
İlk onluqda norveçli Erlinq Holland (“Mançester Siti”, Norveç), Kilian Mbappe (PSJ, Fransa), Kevin De Bruyne (“Mançester Siti”, Belçika), Rodri (“Mançester Siti”, İspaniya), Vinisius Junior (“Real Madrid”, Braziliya), Xulian Alvares (“Mançester Siti”, Argentina), Viktor Osimen (“Napoli”, Nigeriya), Bernardo Silva (“Mançester Siti”, Portuqaliya) və Luka Modriç (“Real Madrid”, Xorvatiya) yer alıb.
Qadın futbolunda mövsümünün ən yaxşı klubu “Barselona”, kişi futbolunda isə İngiltərə çempionu, İngiltərə kuboku, Çempionlar Liqası və Avropa Superkubokunun qalibi “Mançester Siti” seçilib.