“Mahaçqala hava limanında baş verənlər əsasən kənar müdaxilənin nəticəsidir, onlar həm də xarici informasiya təsiri ilə bağlıdır”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Məlumdur və aydındır ki, Mahaçqala hava limanı ətrafında dünən baş verən hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən kənar informasiya təsirlərinin nəticəsidir”, - o deyib.
Kremlin sözçüsü qeyd edib ki, Qəzza zolağında baş verən dəhşətləri - insanların, xüsusilə də, uşaqların və qocaların ölümünü əks etdirən kadrlar fonunda pis niyyətlilərin vəziyyətdən sui-istifadə etməsi, təxribat törətməsi, insanları həyəcanlandırması çox asandır.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda oktyabrın 29-da Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub, lakin sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları onları oradan çıxmağa məcbur ediblər. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb.