“İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağına qurudan müdaxiləsi altı həftədən altı aya qədər davam edəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” bir neçə rəsmiyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətləri iddia edirlər ki, münaqişənin məqsədi Fələstinin HƏMAS hərəkatını bir təşkilat olaraq məhv etmək və Qəzza zolağının İsrailə qarşı zorakılıq mənbəyi olmaqdan əl çəkməsini təmin etməkdir.
“Bloomberg”in məlumatına görə, İsrailin müttəfiqləri, o cümlədən ABŞ Qüdsdən əməliyyatın məqsədlərini daha aydın şəkildə formalaşdırmaq istəyir.
İsrail təhlükəsizlik rəsmilərinin sözlərinə görə, əməliyyatın digər məqsədi oktyabrın 7-də İsrailə hücumda iştirak edən bütün HƏMAS liderlərini öldürməkdir.
“Bloomberg” xəbər verir ki, İsrailin planlarına təkrar hücumun qarşısını almaq üçün Qəzza zolağında bufer zonanın yaradılması da daxildir.
Xatırladaq ki, oktyabrın 27-də İsrail Qəzza zolağına quru qoşunlarını göndərdi. HƏMAS buna cavab olaraq bölgədə quru əməliyyatına başladığını elan edib. İDF Qəzza zolağında tam hüquqlu quru əməliyyatını inkar edir və bunu əməliyyatın genişləndirilməsi adlandırır. Oktyabrın 28-də İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-a məxsus yeraltı tunellər və digər infrastruktur da daxil olmaqla 150 hədəfi vurduğunu bildirib.
“The New York Times” qəzetinin yazdığına görə, İsrail Qəzza zolağına genişmiqyaslı müdaxilədən çəkinmək qərarına gəlib və ən azı qoşunların anklav ərazisinə daxil olmasının ilkin mərhələsində məhdud quru əməliyyatları həyata keçirir.