“Bakının atdığı addımlar Rusiyanı zəiflətdi, Kreml geri çəkilməyə məcbur qaldı”


“Tək iqtisadçı olduğuma görə deyil, məntiqli düşüncəyə üstünlük verdiyim, dünyanın gedişatını analiz etməyə çalışdığım üçün deyə bilərəm ki, ölkələrarası münasibətlərdə, dövlətlərin davranışında iqtisadiyyat, rəqəmlər, maddi maraqlar, ticarət həmişə siyasəti müəyyənləşdirən amil olub – tərsini sübut edən, yəni, siyasətdən iqtisadi münasibətlər doğan mənzərə nadir görünüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə REAL partiyasının icra katibi Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.
İqtisadçı bildirib ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanın ticarət dövriyyəsində Rusiyanın payı 2 milyard 786 milyon 710 min ABŞ dolları olub:
“2023-cü ilin yanvar-avqust aylarının rəqəmlərinə baxaq: Azərbaycanın ticarət dövriyyəsində Rusiyanın payı 2 milyard 786 milyon 710 min ABŞ dolları (1 il əvvələ nisbətən 26,8 % çox) , yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 1 milyard 992 milyon 232 min ABŞ dolları (20,5 % çox) məhsul ixrac olunub, Azərbaycandan Rusiyaya isə 794 milyon 478 min ABŞ dolları (illik müqayisədə 46,1 % çox) məhsul satılıb. Ölkəmizin ümumi idxalında Rusiyanın payı 17,9%-dir, ixracımızda isə Rusiyanın payı cəmi 3,3%-dir”.
Ekspert əlavə edib ki, Ermənistan-Rusiya ticarət dövriyyəsi 4,2 mlrd. dollar olub:
“Gəlin indi yanvar-avqust ayları Ermənistanın rəqəmlərinə baxaq: Ermənistan-Rusiya ticarət dövriyyəsi 4,2 mlrd. dollar olub və keçən ilin eyni dövrü ilə müqaisədə 56,3% artıb. Ermənistanın Rusiyaya ixracı 2,3 mlrd. dollar olub (illik müqaisədə 2,1 (!!!) dəfə artıb), Rusiyanın Ermənistana ixracı isə 1,9 mlrd. dollar olub (artım 16,1%-dir). Ermənistanın ixracında Rusiyanın payı 52%-ə yaxındır, idxalda isə Rusiyanın payı 25,9%-dir. Rusiya Ermənistanın 1 nömrəli ticarət tərəfdaşıdır, iqtisadi oyunçuların (dövlət-özəl) 72%-i ya tam, ya da qismən Rusiyaya məxsusdur, enerji infrastukturu və dəmir yollarının tamamı Rusiya şirkətlərinə aiddir”.
“Yəni, Ermənistan Rusiyadan inciyib, bu aydındır, 150-200 illik Rusiya himayəsi, çətiri Azərbaycan-Türkiyə iş birliyi ilə dəlmədeşik oldu, bitdi. Ermənistan yeni təhlükəsizlik çətiri axtaşı da təbiidir, amma, “Ermənistan Rusiyanı qovacaq, Qərbə inteqrasiya edəcək”, tezisi çiydir, indiki şəraitdə mümkünsüzdür. Ermənistanın yeni təhlükəsizlik zəmanəti verə, Qərbə inteqrasiyanın yoluna aça biləcək (coğrafi-logistik-iqtisadi) bir ölkə var – NATO üzvü olan Türkiyə, başqa hər şey nağıl və illyuziyadır.
Cənubu Qafqazın Rusiyadan ən az (iqtisadi-siyasi-hərbi) asılı ölkəsi də məhz Azərbyacandır, Bakının atdığı addımlar Cənubi Qafqazda Rusiyanı ciddi zəiflətdi, buna görə Kreml daxilən qəzəbli olsa da, yaranmış şəraitə, Azərbaycanın qurduğu de-jure və de-facto ittifaqlara görə geri çəkilməyə məcbur qaldı, daxili auditoriya və erməni əhalisi qarşısında gücsüzlüyünü ört-basdır eləmək üçün isə “günah keçisi” kimi Paşinyanı elan etdi. Paşinyan da bundan məmnundur – Qərbyönümlü siyasətə əsas formalaşdı, oradan maddi-siyasi dəstəyin artmasına zəmin yarandı, amma Rusiyanın sanksiyalardan yan kemək üçün kömək edib pul da qazanır və qərbyönümlü ritorikasına görə Qərbin dolayı sanksiyalarından yan keçməyə nail olur ki, bu da elə Rusiyanın işinə yarayır – Ermənistan vasitəsi ilə yarımkeçiricilər, mikrosxemlər alıb raket, dron, təyyarə, tank istehsal edir.
Böyük mənzərəni həmişə rəqəmlər və iqtisadi maraqlar göstərə bilir, dünyada qədimdən bəri iki məsələnin - pulun və ideyanın qarşısını tam olmaq mümkün olmayıb, heç bir rejim bu iki faktora tam maneçilik yarada bilməyib... ”, - Cəfərli qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top