
Koreya Respublikasının birlik naziri Kim Yonq Ho etiraf edib ki, Şimali Koreya lideri Kim Çen In xalq respublikasında siyasi hakimiyyətin potensial varisi kimi qızı Kim Cu Eni seçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Onun ictimai fəaliyyətinə nəzər salsaq, bu ehtimalı istisna edə bilmərik”, - deyə Cənubi Koreyalı nazir Kim Çen Inın qızının onun siyasi varisi ola biləcəyi ilə bağlı fərziyyələri şərh edərkən bildirib.
“Kim Çen Inın rəhbərliyi altında Şimali Koreya rejimi sabit görünür, lakin onların ali hakimiyyətə varislik üçün formal sistemi yoxdur, bu da dövləti əsaslı olaraq qeyri-sabit və olduqca həssas edir”, - nazir iddia edib.
“Yonhap”ın xəbər verdiyi kimi, Kim Cu E-nin təxminən 10 yaşı var. Onun ilk ictimaiyyət qarşısındakı “çıxışı” ötən ilin noyabrında atası ilə birlikdə “Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışında iştirakı zamanı olub. Bundan sonra o, dəfələrlə Kim Çen Inla ictimai tədbirlərdə, o cümlədən sentyabrın 8-də KXDR-in yaradılmasının 75-ci ildönümünə həsr olunmuş paradda iştirak edib. Bu da onun gələcəkdə hakimiyyətin mümkün varisi kimi hazırlanacağı ilə bağlı fərziyyələri artırıb.