İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında Fələstinin HƏMAS təşkilatı ilə əlaqəli 250-dən çox hədəfə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağında HƏMAS-a məxsus 250-dən çox hərbi obyektə zərbələr endirib. Buraya tunellər, onlarla HƏMAS fəalı, əməliyyat komandanlıq mərkəzləri və buraxılış məntəqələri daxildir", - məlumatda bildirilib.
Mətbuat xidməti həmçinin bildirib ki, İsrail ordusuna məxsus pilotsuz uçuş aparat (PUA) gecə saatlarında Qəzza zolağında texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
“Gecə saatlarında İsrail Müdafiə Qüvvələrinə məxsus PUA-lardan biri texniki nasazlıq nəticəsində Qəzza zolağına düşüb. Məlumat sızması təhlükəsi yoxdur. İnsident araşdırılır", - məlumatda deyilib.