Moskva İrəvanla təmasda Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik sahəsində əlaqələrin şaxələndirilməsi zərurəti haqqında danışarkən nəyi nəzərdə tutduğu barədə məlumat alacağını gözləyir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bir müddət əvvəl Amerikanın “The Wall Street Journal” qəzetinə müsahibəsində Paşinyan bildirib ki, Qarabağdakı hadisələr İrəvanı əsas etibarilə təhlükəsizlik sahəsində əlaqələri şaxələndirmək zərurəti ilə bağlı qərara gətirib çıxarıb.
“Bu halda biz “The Wall Street Journal”ı əsas ilkin mənbə kimi qəbul etməyə meyilli deyilik, ona görə də, hələ də cənab Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik”, - deyə Peskov qeyd edib:
Kreml nümayəndəsi həmçinin vurğulayıb ki, Rusiya tərəfi səylərini davam etdirir, Bakı və İrəvana nəhayət sülh müqaviləsinin bağlanmasına kömək etməyə çalışır. “Bu, regionda vəziyyəti sabitləşdirmək və bütün regionda daha müsbət, yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”, - deyə prezidentin mətbuat katibi yekunlaşdırıb.
Paşinyan WSJ-yə müsahibəsində onu da qeyd edib ki, İrəvan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmır və işgüzar görüşlər çərçivəsində Rusiya Federasiyası və KTMT-nin bu davranışının səbəbini anlamağa çalışır”.
Ermənistanın baş naziri əlavə edib ki, respublika KTMT-də qalır, çünki indi tərəflər mövqelərin anlaşılması məsələlərini müzakirə etmək mərhələsindədirlər və bir-birini başa düşməkdə səhv etmək istəmirlər.