“Ermənistan və Azərbaycan bir neçə ay ərzində sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalaya bilər”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan deyib.
“Biz indi Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş layihəsi üzərində işləyirik, ümid edirəm ki, bu proses yaxın bir neçə ay ərzində başa çatacaq”, - deyə o bildirib.
Ermənistan hökumət başcısının sözlərinə görə, Cənubi Qafqazda gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini təmin edən bölmənin yaradılması barədə qərar qəbul edilib.
“Yaxın vaxtlarda Ermənistanın hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacaq ki, onun funksiyası Ermənistan ərazisindən keçən beynəlxalq kommunikasiyaların, yüklərin və nəqliyyatın təhlükəsizliyini təmin etmək olacaq”.
Paşinyan onu da əlavə edib ki, İrəvan Bakı ilə iki prinsip - bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, həmçinin 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq sərhədlərin delimitasiyası əsasında sülh sazişi imzalamağa hazırdır.