Baba Rzayevin qohumlarına bağlı olan şirkət cərimələnə bilər


Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Zirə Gülçülük” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com xəbər verir ki, “Zirə Gülçülük” QSC barəsində tərtib olunan protokola Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyilə noyabr ayının 7-də saat 09:10-da baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi “Auditor xidməti haqqında” Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Məlumat üçün qeyd edək ki, “Zirə Gülçülük” QSC “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayevlə qohumluq əlaqələri olan şəxslərə məxsusdur. “Zirə Gülçülük” şirkətinin qeydiyyatda olduğu ünvanda “Zirə Aqropark” MMC (VÖEN – 1503134451) adlı şirkət də qeydiyyatdadır. “Zirə Aqropark” MMC-nin bir il əvvələ qədər qanuni təmsilçisi olan Soltanov Ayaz Üzeyir oğlu eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir. Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
Bundan başqa “Zirə Gülçülük” QSC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top