İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Klaf Nil (Clough Neil) haqqında məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatına verilib.
Bildirilir ki, iddia vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə qaldırılıb.
Qeyd edək ki, Klaf Nil adlı şəxsin sosial şəbəkə hesablarında onun SOCAR-a bağlı olan “Bos Şelf” şirkətində menecer işlədiyi göstərilir.
Klaf Nil 2012-2017-ci illərdə “BP-Azərbaycan” şirkətində işləyib. Daha sonra SOCAR-da layihə meneceri olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Bos Şelf” şirkəti dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan şirkətdir. Şirkət 2001-ci ildə SOCAR və “Star Gulf FZCO” tərəfindən təsis edilib.
Elnur Əli