
İsrail Qəzza zolağında quru əməliyyatını ABŞ Prezidenti Co Bayden və ABŞ dövlət katibi Entoni Blinkenin səfərləri, həmçinin girovların azad edilməsi ilə bağlı danışıqlara görə təxirə salıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən “VICE News” onlayn jurnalı məlumat yayıb.
“Əməliyyatlar əvvəlcə Bayden və Blinkenin səfərləri ilə bağlı təxirə salındı və bu, kifayət qədər ağlabatan idi. Ancaq bir reallıq da var ki, İsrail bu əməliyyata hazır olsa da, quru əməliyyatı uzun və bahalı prosesdir. Ona görə də, indi əməliyyatın diplomatik, yoxsa hərbi səbəblərə görə təxirə salındığı məlum deyil".
Mənbənin sözlərinə görə, baş nazir Benyamin Netanyahu da bu günə qədər hökumətin əməliyyatla bağlı strategiyasının konturlarını ictimaiyyətə çatdırmayıb.
Adı açıqlanmayan amerikalı diplomat isə bildirib ki, ABŞ İsraili HƏMAS-ın Livandakı müttəfiqi “Hizbullah” hərəkatına hücum etməməyə çağırsa da, təzyiq göstərmir. “Əlbəttə ki, biz girovların azad edilməsi üçün danışıqların tərəfdarıyıq, lakin biz böhranın əvvəlindən İsrailin vəziyyətə reaksiya vermək qərarlarına dəstəkdən başqa heç nə təklif etməmişik. Amma ABŞ qadağan etdiyi üçün İsrailin Qəzzada hərbi əməliyyat keçirmədiyi iddiasına gəlincə bu, münasibətlərimizin tarixinə ziddir”, - mənbə bildirib.