ÜST vəbanın yayılma riski barədə xəbərdarlıq edir


Böyük vəba epidemiyaları 2023-cü ildə doqquz ölkədə baş verib ki, bu da son on ildən çox müddətdə ən yüksək rəqəmdir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vəba və epidemik ishal xəstəlikləri qrupunun rəhbəri Filip Barbosa Cenevrədə keçirdiyi brifinqdə deyib və xəstəliyin bütün dünyada yayılma riskinin artacağı barədə xəbərdarlıq edib.
“Vəba bütün dünyada riski yaratmaqda davam edir. Doqquz ölkə bu il böyük epidemiyalar barədə məlumat verdi, bu, isə son on ildən çox müddətdə ən yüksək rəqəmdir”, - Barbosa deyib.
O, 2022-ci ildə yoluxmaların sayının 2021-ci ilə nisbətən iki dəfə çox olduğunu xatırladıb.
“İlkin məlumatlar 2023-cü ilin daha da pis olacağını göstərir”, - deyə Barbosa izah edib.
O, həmçinin, xəstəlik nisbətinin artması ilə vəba peyvəndlərinə olan tələbatın mövcud ehtiyatları üstələdiyini bildirib.
Barbosa xatırladıb ki, ÜST-ün hesablamalarına görə, hazırda ən azı 1 milyard insan vəba riski altındadır: “Halbuki ÜST 2025-ci ilə qədər peyvənd istehsalında əhəmiyyətli artım gözləmir”.
O, dünyanın bir çox vəba-endemik bölgələrində yağışlı mövsümün davam etdiyini və bunun xəstəliyin yayılmasının artmasına səbəb olduğunu bildirib.
“Bundan əlavə, “El Nino” təbiət hadisəsi də çox güman ki, vəbanın yayılmasının artmasına səbəb olacaq”, - ÜST rəsmisi qeyd edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının oktyabrın əvvəlində dərc olunmuş bülleteninə görə, 2023-cü ilin əvvəlindən vəba infeksiyasına yoluxma hallarının sayı 582 mini keçib və 4,5 mindən çox insan ölüb.
Xatırladaq ki, vəba “vibrio cholera” tərəfindən törədilən xüsusilə təhlükəli yoluxucu xəstəlikdir. Xəstılik orqanizmə çirklənmiş qida və ya su ilə daxil olduqda baş verir.

DİGƏR XƏBƏRLƏR

Top