
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Tehranda “3+3” regional platforması çərçivəsində qeyri-rəsmi görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Mirzoyanla Bayramov qeyri-rəsmi əlaqə saxlayıblar ki, bu belə platformalar üçün adi haldır”, - o qeyd edib.
Qeyd edək ki, bir gün əvvəl keçirilən “3+3” formatında məsləhətləşmələr Cənubi Qafqazın üç ölkəsinin (Azərbaycan, Ermənistan və Gürcüstan), eləcə də bu regionun üç ən yaxın qonşusunun (Rusiya, İran və Türkiyə) iştirakını nəzərdə tutur. Gürcüstan tərəfi görüşdə iştirakdan imtina edib.
Xatırladaq ki, Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və sonradan “3+3” kimi tanınıb. Rusiya və İran bu ideyanı alqışlayıblar və Ermənistan da bu formata qoşulub. Gürcüstan isə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib.