
Türkiyə Statistika İdarəsi yaşamaq və işləmək üçün bu ölkəyə köçən xarici ölkə vətəndaşlarının sayını açıqlayıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ötən il yaşamaq və işləmək üçün Türkiyəyə 18 min 232 nəfər Azərbaycan vətəndaşı köçüb.
Türkiyəyə gedən azərbaycanlıların yarıdan çoxunu - 9 min 288 nəfərini kişilər təşkil edib.
Müqayisə üçün bildirək ki, əvvəlki illə müqayisədə Türkiyəyə köçən azərbaycanlıların sayı kəskin azalıb.
Belə ki, əvvəlki ildə Türkiyəyə 27 min 66 nəfər Azərbaycan vətəndaşı köçüb ki, bunların da 14 min 315 nəfəri kişilər, 12 min 751 nəfəri qadınlar olub.
Ötən il Azərbaycana köçən Türkiyə vətəndaşlarının sayı isə 13 min 925 nəfər olub və bunların 7 min 41 nəfəri kişilər olub.
Məlumat üçün onu da bildirək ki, Türkiyədən köçən əcnəbilərin arasında ilk sırada Rusiya vətəndaşları yer alıb.
Ötən il Türkiyəyə 99 min 786 nəfər Rusiya vətəndaşı köçüb.
Türkiyəyə köçən xarici ölkə vətəndaşlarının ilk 10-luğu bu cür olub:
1. Rusiya - 99 min 786
2. Ukrayna - 32 min 465
3. İran - 25 min 802
4. Əfqanıstan - 21 min 469
5. İraq - 19 min 245
6. Azərbaycan - 18 min 232
7. Qazaxıstan - 15 min 713
8. Özbəkistan - 15 min 118
9. Suriya - 12 min 571
10. Almaniya - 11 min 477
Elnur Əli