İlham Əliyev İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul etdi – Yenilənib + Fotolar


Prezident İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.

Yeniavaz.com xəbər verir ki, səfir etimadnaməsini İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Prezident ikitərəfli münasibətlərimizin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurla inkişaf etdiyini bildirərək, özünün Dünya İqtisadi Forumuna səfərləri zamanı İsveçrənin dövlət başçıları ilə mütəmadi görüşlərinin əməkdaşlığın müzakirəsi baxımından önəmini qeyd edib.
Ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunub, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğulayıb və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirib.
Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, yaşıl enerji, ağıllı kənd konsepsiyalarının həyata keçirildiyini deyərək, bunların əməkdaşlığımızda yeni istiqamətlər yaratdığını vurğulayıb.
Prezident, eyni zamanda, SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes sahəsində əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
İlham Əliyev qarşıdan gələn illərdə əməkdaşlığın daha da genişlənəcəyinə və güclü tərəfdaşlıq əlaqələrinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Səfir, ilk növbədə, Qarabağa səfərinə toxunaraq, orada gedən yenidənqurma işləri ilə tanış olduğunu qeyd edib, İsveçrə şirkətlərini buraya dəvət etmək istəyində olduğunu deyib.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirak etdiyini bildirən Tomas Ştel bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.
Azərbaycanla artıq 20 ilə yaxındır ki, əməkdaşlıq proqramının həyata keçirildiyini bildirən səfir İsveçrə şirkətlərinin Azərbaycanda makro-iqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərini məmnunluqla qeyd edib.





11:33 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top