
Bu ilin ilk 9 ayı ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 937,2 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 67,2%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 629,4 milyon manat olub.
Ən çox sığorta haqqı toplayanların ilk beşliyini 79,8 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 67,2 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta”, 26,7 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti, 24,4 milyon manatlıq yığımla “Xalq Sığorta” və “Xalq Həyat” Sığorta şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 88,3%-i adları qeyd olunan 5 şirkətin – “Paşa”, “Qala”, “Atəşgah”, "Xalq" və Dövlət Sığorta Kommersiya Şirkətinin əlində cəmlənib.
Bu ilin ilk 9 ayında 5 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 827,5 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 2,13 milyon manatlıq yığımla "Naxçıvansığorta", 3,32 milyon manatlıq yığımla “Meqa Həyat Sığorta” və 4,1 milyon manatlıq yığımla “Bakı Sığorta” şirkətləri olub.
Elnur Əli