
“Fələstinin HƏMAS hərəkatının yaraqlıları bütün girovları azad etməsə və silahlarını yerə qoymasa, İsrail Silahlı Qüvvələrinin (İDF) Qəzza zolağında quru əməliyyatı demək olar ki, qaçılmazdır”.
Yeniavaz.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Conatan Konrikus bu barədə Avstraliyanın ABC radiostansiyasına açıqlama verib.
Onun sözlərinə görə, İsrail ordusunun Qəzzada quru əməliyyatı hazırkı vəziyyət davam edərsə, faktiki olaraq qaçılmazdır.
“Məqsədimiz HƏMAS-ı hərbi potensialından tamamilə məhrum etməkdir. Əgər HƏMAS döyüşçüləri gizləndikləri yerlərdən çıxsa, girovlarımızı qaytarsa və qeyd-şərtsiz təslim olsa idilər, müharibə bitəcəkdi, lakin onlar bunu etməyəcəklər”, - deyən Konrikus: “Bu halda da İsrail ordusunun Qəzzada quru əməliyyatı keçirməsi labüddür”, - deyə əlavə edib.
Qeyd edək ki, CNN daha əvvəl Vaşinqtonun İsrailə təzyiq etdiyini, onu Qəzzada quru əməliyyatının başlanmasını təxirə salmağa və anklavda saxlanılan girovları azad etməyə çağırdığını bildirmişdi.
Bununla belə, ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalının efirində: “İsrail quru əməliyyatının başlaması ilə bağlı qərarı müstəqil verməlidir. Vaşinqton yalnız ona məsləhət verə bilər”, - demişdi.