Dünən axşam saatlarında Xarkov vilayətinin Korotiç kəndinə raket zərbəsi endirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə regionun hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.
Bildirilir ki, nəticədə azı 6 nəfər həlak olub, daha 16 nəfər yaralanıb.
Sinegubovun sözlərinə görə, ruslar “Nova Poşta” terminalını S-300 hava hücumundan müdafiə sistemi ilə vurub:
“Zərərçəkənlərdən ikisinin vəziyyəti son dərəcə ağır, daha altısının vəziyyəti ağırdır”.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib ki, zərbə terminal binasının əhəmiyyətli dərəcədə dağılmasına səbəb olub, həmçinin yeddi yük maşını və iki yarımqoşquya ziyan vurub. Bundan əlavə, obyektdə təxminən 300 kvadratmetr sahədə yanğın baş verib.