
“Birləşmiş Ştatlar Yaxın Şərqdəki vəziyyətlə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasında (TŞ) yayıb”.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı TASS-a dünya təşkilatındakı diplomatik mənbə təsdiqləyib.
TASS-ın gördüyü sənədin mətninə görə, Amerika qətnamə layihəsində atəşkəs çağırışı etmir.
Bildirilib ki, orada HƏMAS-ın hücumunu pisləyən, girovları azad etməyə çağıran və İsrailin özünümüdafiə hüququnu tanıyan paraqraflar var.
Bundan əlavə, ABŞ qətnaməsi mülki şəxslərin müdafiəsi də daxil olmaqla beynəlxalq humanitar hüquqa tam hörmət etməyə çağırır. Qətər və digər ölkələrin oktyabrın 20-də HƏMAS-ın iki girovunun azad edilməsinə səbəb olan səylərini tanıyır.
Xatırladaq ki, oktyabrın 18-də Birləşmiş Ştatlar veto hüququndan istifadə etdiyi üçün BMT Təhlükəsizlik Şurası Braziliyanın Yaxın Şərq qətnamə layihəsini qəbul etmədi. Amerika tərəfi layihədə İsrailin özünümüdafiə hüququ ilə bağlı bəndin yer almaması səbəbindən məyus olduğunu bildirib.