Nəvaz Şərif Pakistana qayıdır – 4 ildən sonra


Pakistanın keçmiş baş naziri, “Pakistan Müsəlman Liqası” (Nəvaz fraksiyası) siyasi partiyasının qurucusu və lideri Nəvaz Şərif dörd illik siyasi mühacirətdən sonra İslam Respublikasına qayıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Məlumata görə, göyərtəsində siyasətçinin olduğu xüsusi çarter reysi Pakistan hava məkanına daxil olub və İslamabada doğru gedir. Telekanalın məlumatına görə, İslam Respublikasına gəldikdən sonra Şərif paytaxt hava limanının gözləmə zonasında bir müddət qalacaq, bundan sonra Lahora gedəcək və orada partiyasının fəalları və tərəfdarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, bundan əvvəl Pakistan KİV-i xəbər vermişdi ki, Nəvaz Şərif qarşıdan gələn parlament seçkilərində partiyanın seçki kampaniyasına rəhbərlik etmək üçün dörd illik siyasi mühacirətdən sonra oktyabrın 21-də Londondan vətənə qayıtmaq barədə yekun qərarı verib. Mənbələrin bildirdiyinə görə, Nəvaz fraksiyası onun Londonda olduğu müddətdə mühüm siyasi kapitalını itirib və bu, onun seçkilərdəki qələbəsini çətinləşdirəcək. Həmçinin, Şərifin siyasətə qayıtması üçün onun ömürlük siyasi fəaliyyətinə qadağa qoyulması ilə bağlı məhkəmə qərarının ləğvi tələb olunacaq.
Xatırladaq ki, keçmiş baş nazir 2019-cu ildən Londonda yaşayır və həbsxanada cəza çəkərkən tutulduğu ağır xəstəliyin müalicəsi üçün oraya gedib. 2018-ci ildə Şərif korrupsiya ittihamı ilə on il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu ilin oktyabrında İslamabad Ali Məhkəməsi onu humanitar əsaslarla zaminə buraxıb, bundan sonra İmran Xanın rəhbərlik etdiyi hökumət ona müalicə üçün səkkiz həftəlik Londona getməyə icazə verib. Lakin Şərif bu müddətdən sonra Pakistana qayıtmaqdan imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top