
ABŞ İsraillə Livanın “Hizbullah” hərəkatı arasında münaqişənin daha da genişlənməsindən ehtiyat edir, çünki bu, Yaxın Şərq regionunda hərbi əməliyyatların genişlənməsinə səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə adı açıqlanmayan iki məmura istinadən “The Times of Israel” nəşri yazıb.
Nəşrin qeyd etdiyi kimi, ABŞ İsrailin “Hizbullah”ın ölkənin şimalında artan hücumlarına cavab verməli olduğunu anlayır. Bununla belə, İsrailin hərəkata ilk ciddi zərbə vurması ilə bağlı söhbətlər Amerika hakimiyyətinin narahatlığına səbəb olur. Bununla əlaqədar olaraq, ABŞ nümayəndələri dəfələrlə İsraildən Livan hərəkatına qarşı hərəkətləri diqqətlə nəzərdən keçirməyi xahiş ediblər, çünki İsrail Müdafiə Qüvvələrinin bir səhvi böyük müharibənin başlanmasına səbəb ola bilər.
Qeyd edək ki, daha əvvəl Amerika Prezident Administrasiyası “Hizbullah” yaraqlılarının İsrailə qarşı hərbi əməliyyatlara ilk başlayacaqları təqdirdə ABŞ-ın İsrailin tərəfini tutacağını bildirmişdi.
ABŞ Prezidenti Co Bayden isə oktyabrın 18-dəki İsrail səfərində Amerika tərəfinin İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı təqdirdə “Hizbullah”a qarşı döyüşlərdə iştirak etməyə hazır olması barədə xəbərləri təkzib etmişdi.