“Rusiya qərb sərhədlərini gücləndirir” – Şoyqu


“Rusiya ABŞ və müttəfiqlərinin Ukraynaya silah, o cümlədən yüksək dəqiqlikli raketlər tədarükü və F-16 qırıcılarının təhvil verilməsi perspektivinə cavab olaraq qərb sərhədlərini gücləndirir”.
Yeniavaz.com xəbər verir ki, bunu çərşənbə günü Rusiya və Belarus müdafiə nazirliklərinin birgə kollegiyasının iclasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Amerika Birləşmiş Ştatları və müttəfiqləri Ukraynaya zirehli texnika, hava hücumundan müdafiə sistemləri və yüksək dəqiqlikli raketlər ötürür. Beynəlxalq konvensiyaları pozaraq, Vaşinqton hərbi yardım paketlərinə kasetli sursatlar daxil edir. Həmçinin, gələn il Kiyevə F-16 taktiki qırıcılarının təhvil verilməsi gözlənilir. Biz bu təhdidlərə cavab olaraq müvafiq tədbirlər görür və qərb sərhədlərimizi gücləndiririk”, - Şoyqu bildirib.
O qeyd edib ki, NATO ölkələri Ukrayna Silahlı Qüvvələrini silahla təmin etməklə yanaşı, onlara kəşfiyyat məlumatları ötürür, Ukrayna hərbçilərini hazırlayır, ölkəyə muzdlular və təlimatçılar göndərirlər.
Şoyqunun sözlərinə görə, Kiyevi müdafiə etməklə Qərb Rusiyaya qarşı hərbi-siyasi, hüquqi, iqtisadi və humanitar sahələrdə hibrid müharibəyə başlayıb.
"Ölkəmizə qarşı iqtisadi sanksiyalarla yanaşı, Kiyev açıq şəkildə dəstəklənir. Ukraynaya xərclənən vəsaitin ümumi həcmi təxminən iki yüz milyard dollara çatıb”, - o deyib.

DİGƏR XƏBƏRLƏR

Top