Mülki əhalini öldürən haqlı ola bilməz...


İsrail-HƏMAS münaqişəsindən dəhşətli xəbərlər gəlməkdə davam edir. Dünən Qəzza bölməsində yerləşən xəstəxanaya edilmiş hücum nəticəsində çoxsaylı mülki insanın həlak olduğu bildirilir.
Tərəflər hadisədə bir-birini günahlandırır.
Dünyanın hər tərəfindən bu hadisəyə münasibət bildirilir.
Biz hadisə yerindən çox uzaqdayıq. Fikrlərimizi aldığımız informasiyalar əsasında formalaşdırırıq. Bu səbəbdən hadisəni qiymətləndirməkdə səhvə də yol verə bilərik.
Azərbaycan vətəndaşlarının əksəriyyəti İsrail-HƏMAS münaqişəsində özünü müdafiə hüququ olduğunu əsas gətirərək İsraili haqlı sayır.
Bunu bizim Qarabağı işğaldan azad edərkən İsrailin göstərdiyi dəstəklə də əlaqələndirmək olar. Amma unutmaq olmaz ki, müharibənin də öz qanunları var. Bu qanunlara əməl etməmək haqlı olan tərəfi də haqsız duruma sala bilər.
Yəni, terrora terrorla cavab vermək özü də terrorçuluqdur. Terror pislənməlidir, terrorçu cəzalanmalıdır.
Xəstəxanaya hücumun kimin tərəfindən həyata keçirildiyini biz dəqiq deyə bilmirik.
Amma xəstəxananın Qəzza ərazisində olması atəşin İsrail tərəfindən açılması ehtimalının daha böyük olduğunu deməyə əsas verir.
Əgər bu ehtimal doğrudursa, onda ümumi münaqişədə İsraili haqlı saysaq da, bu hadisədə onun tərəfini saxlaya bilmərik.
Qarabağ müharibəsində biz İsrail istehsalı olan silahlardan istifadə etmişik və həmin silahlarla mülki əhaliyə heç bir ziyan vurmamışıq.
Deməli, bu silahlarla mülki əhaliyə toxunmadan istədiyin hədəfə çatmaq olur. Biz bunu bacarmışıqsa, bu silahın istehsalçıları onu daha yaxşı bacararlar. İsrailin dəqiq vuran silahları var.
Əgər bu atəş İsrail tərəfindən açılıbsa, demək, bu, mülki insanları məhv etmək üçün məqsədli şəkildə həyata keçirilib. Bu, terrordur.
Yuxarıda qeyd etdiyimiz kimi, biz hadisənin kimin tərəfindən törədildiyini dəqiq deyə bilmirik.
Əgər bu hadisə HƏMAS tərəfindən törədilibsə, onda çox da təəccüblü deyil. Çünki, dünyanın böyük əksəriyyəti HƏMAS-ı terrorçu kimi tanıyır.
Mülki əhalini öldürən haqlı ola bilməz.
Mübarizə ədalətli olmalıdır.
Biz irqindən, dinindən, milliyətindən asılı olmayaraq kim haqlıdırsa, onun yanındayıq.

Ürfan Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top