
"ABŞ administrasiyası hazırda Fələstin-İsrail münaqişəsində Amerika qüvvələrinin hər hansı iştirakını planlaşdırmır".
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.
O, İsrailə uçan ABŞ Prezidenti Co Baydenin təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən ABŞ-nin quru qoşunlarını İsraildə döyüşlərdə iştirak etmək üçün cəlb etmək planı və ya niyyəti olmadığını deyib.
“Biz dəfələrlə demişik ki, bizim regionda mühüm milli təhlükəsizlik maraqlarımız var və onlar dəyişməyib”, - Con Kirbi bildirib.
“ABŞ-nin hərbi qüvvələrini istifadə etmək qərarına nə səbəb ola bilər?” sualına isə Kirbi belə cavab verib: “Biz heç vaxt gələcək hərbi əməliyyatlar haqqında danışmırıq”.
“Əgər məsələ o həddə gəlib çıxsa, milli təhlükəsizliyimizi qorumaq üçün kifayət qədər imkan var”, - bununla belə Kirbi vurğulayıb.
Kirbi həmçinin hesab edir ki, Aralıq dənizinə iki təyyarədaşıyan qrupun yerləşdirilməsi buna açıq şəkildə xəbərdarlıq siqnalıdır.
Amerikalı girovların azad edilməsi əməliyyatlarında ABŞ ordusunun iştirakının mümkünlüyü barədə suala isə MTŞ rəsmisi belə cavab verib: “Girovları evlərinə qaytarmaq cəhdlərimizə gəldikdə, bu barədə mümkün qədər az danışmaq daha yaxşıdır”.
Kirbi həmçinin Baydenin İordaniyaya səfərini ləğv etmək qərarının birgə qərar olduğunu bildirib.
Əmmana səfər etməmək qərarı isə İordaniya Kralı II Abdullahla danışdıqdan sonra səhər verilib. Onlar razılaşıblar ki, indi bu görüşü təşkil etməyin vaxtı deyil.
O, Baydenin İsraildən qayıtdıqdan sonra Fələstin Prezidenti Mahmud Abbas və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışmaq niyyətində olduğunu vurğulayıb.