“İsrailin Qəzzanı işğal etmək niyyəti yoxdur” – Maykl Hersoq


“İsrail hakimiyyəti Qəzza zolağının işğalını planlaşdırmır və HƏMAS yaraqlılarına qarşı əməliyyatlar zamanı mülki əhalinin əziyyət çəkməməsi üçün hər şeyi edir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq CNN telekanalına açıqlamasında deyib.
“Bizim (İsrail nəzərdə tutulur) Qəzza zolağının işğal etmək niyyətimiz yoxdur. Təbii ki, biz mülki şəxslərin öz evlərinə qayıtmasına icazə verilməsinin tərəfdarıyıq. Biz mümkün olan hər şeyi edirik ki, onlar əziyyət çəkməsinlər, HƏMAS isə bunun əksini edir”, - deyə İsrail diplomatik missiyasının rəhbəri bildirib.
O, HƏMAS-ın dünya tarixinin ən dəhşətli terror hücumlarından birini həyata keçirdiyini və buna görə də, İsrailin cavab zərbəsi endirməkdən başqa çarəsinin olmadığını, bunun nəticəsində yaraqlıların döyüş maşınının məhv edilməli olduğunu vurğulayıb.
Səfir İsrailin quru əməliyyatlarına hazırlaşdığını da təsdiqləyib. “Biz müharibədəyik və bununla mübarizə aparacağıq”, - Hersoq deyib.
Qeyd edək ki, “The New York Times”ın daha əvvəl xəbər verdiyi kimi, İsrailin Qəzza zolağında quru əməliyyatı bu həftə sonu başlamalı idi. Lakin israilli pilotların və pilotsuz uçan aparat operatorlarının quru qüvvələrinə dəstək vermək qabiliyyətinə mane olan buludlu hava səbəbindən əməliyyat bir neçə gün təxirə salınıb.
Nəşr qeyd edib ki, İsrailin 2006-cı il İsrail-Livan münaqişəsindən sonra həyata keçirdiyi ən böyük quru əməliyyatı ölkəni aylarla 2 milyondan çox əhalisi olan kiçik bir ərazidə qanlı şəhər döyüşlərinə sürükləyə bilər.

DİGƏR XƏBƏRLƏR

Top