
İsrail hərbçiləri Fələstinin HƏMAS radikal qruplaşmasının xüsusi təyinatlı dəstəsinin komandirlərindən birini öldürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilib.
“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin dəqiq kəşfiyyat məlumatlarına əsasən, ötən həftə sonu Qəzza zolağı yaxınlığında İsrail yaşayış məntəqələrinə terror hücumuna rəhbərlik edən HƏMAS-ın “Nuxba” xüsusi təyinatlılarından birinin komandiri Əli Qadi İDF tərəfindən təyyarədən açılan atəş nəticəsində öldürülüb”, - bəyanatda bildirilib.
Hərbçilərin məlumatına görə, Əli Qadi 2005-ci ildə mülki İsrail vətəndaşlarını oğurlayıb öldürdüyünə görə saxlanılıb və 2011-ci ildə 1027 fələstinli məhbusun HƏMAS-ın girovluğunda olan İsrail əsgəri Gilad Şalitlə dəyişdirilməsinə dair razılaşma çərçivəsində azad edilib.