
Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbdə şəhərin təhsil işçiləri ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən başladılan “Təhsil müzakirəsi” adlı layihənin növbəti görüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, struktur bölmə rəhbərləri və əməkdaşları, eləcə də Mingəçevir ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji kollektivi iştirak edib.
İlk olaraq Elçin Kərimov çıxış edərək bildirib ki, tədbirin adından da göründüyü kimi burada tam sərbəst şəkildə mövcud vəziyyət, görülən işlər, problemlərlə bağlı suallar ünvanlana bilər.
Daha sonra məktəbin direktoru Yeganə Kərimovanın 10 nömrəli tam orta məktəbin 2022-2023-cü tədris ilinin yekunlarına və görülən işlərə dair hesabatı dinlənilib.
Elçin Kərimov öz çıxışında təhsildə olan bir çox problemlərə toxunaraq öz fikirlərini təhsil işçiləri ilə bölüşüb. Qeyd edib ki, ümumi region üzrə qızıl-gümüş nişanlarla bağlı vəziyyət ürəkaçan deyil:
“Bizə yekunda şagird nailiyyətləri lazımdır, biz vətəndaş yetişdiririk, cəmiyyətə insan yetişdiririk və istəyirik ki, bu vətəndaş hərtərəfli olsun. Bütün hallarda ağ kağız təhsildə müəllim tərəfindən yazılır. Hamıya yaxşı məlumdur ki, region üzrə ən yaxşı şagird nailiyyətləri Mingəçevirdədir. Mən istəyirəm ki, şagirdlərimiz hərtərəfli inkişaf etsinlər. İnanıram ki, buna da nail olacayıq. Mən əminliklə deyə bilərəm ki, Mingəçevir şəhərində savadlı, yüksək potensiallı müəllimlərimiz var və biz onlara həvəsləndirici stimul versək, onlar işlərini daha çox sevərlər. Amma onu da deyim ki, Mingəçevirdə bu dediklərim o qədər də yüksək səviyyədə deyil. Hər bir müəssisədə, digər sahələrdə olduğu kimi təhsildə də problemlər var”.
İdarə müdiri çıxışında, məktəblərdə fəaliyyət göstərən dərnəklərə də toxunub. O bildirib ki, şagirdlər o dərnəklərdən nələrsə qazanmalıdırlar:
“Ona görə də bu dərnəklər normal səviyyədə təşkil olunmalıdır”.
Tədbirdə təhsilverənlərin dərs yükü bölgüsü, eyni zamanda təlim-tədris prosesinin düzgün təşkili və idarə olunması ilə bağlı sual, şikayət və təkliflər dinlənilib, eyni zamanda, müəllimlərin etik davranış və daxili nizam-intizam qaydalarına riayət etmələri tapşırılıb.
Qeyd edək ki, layihənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə maarifləndirici görüşlərin keçirilməsi, onları maraqlandıran sual, təklif və şikayətlərin yerində dinlənilməsi və həll olunması, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi və inkişafı istiqamətində mühim addımların atılmasıdır.
Layihə davamlı olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 1 şəhər və 6 rayonda təşkil olunacaq.


Esmira Hidayətova, Mingəçevir