
2006-cı ildən bəri ilk dəfə olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirmək üçün M-270 MLRS-dən istifadə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi Teleqram kanalında məlumat dərc olunub.
“2006-cı ildən bəri ilk dəfə M-270 MLRS Qəzza zolağında HƏMAS terror təşkilatının hərbi obyektlərinə zərbələr endirmək üçün istifadə edilib. Atışma zamanı yüksək dəqiqlikli uzaqmənzilli “Lans” tipli raketlərdən istifadə edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, M-270 MLRS 1994-cü ildə İsrail ordusunun envanterinə daxil edilib və İsrail Müdafiə Qüvvələrinin malik olduğu ən dağıdıcı silah növü hesab olunur. Onlar ilk dəfə 2006-cı ildə İkinci Livan Müharibəsi zamanı (İsrail ilə Hizbullah arasında 2006-cı il iyulun 12-dən avqustun 14-dək davam edən silahlı münaqişə) istifadə edilib.