
“Ukrayna yaxın vaxtlarda Moldova üzərindən Rumıniyaya taxıl dəhlizi açmağı planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rumıniya Prezidenti Klaus İohannislə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Moldovadan keçən və Rumıniyaya gedən taxıl dəhlizi tezliklə işə düşəcək”, - Zelendski bildirib.
Zelenski, həmçinin deyib ki, o, İohannislə təkcə limanları deyil, bütün regionu – Ukrayna, Moldova və Rumıniyanı qorumaq üçün mümkün birgə hərəkətləri müzakirə edib.
“Bundan başqa, qarşılıqlı fəaliyyətimizin strateji istiqamətlərindən birini qeyd etmək istəyirəm - Ukrayna, Rumıniya, Moldova üçbucağında biz təkcə ölkələrimizin və xalqlarımızın deyil, həm də bütün Avropa dövlətlərinin inkişafı üçün çox güclü zəmin yarada bilərik. İlk növbədə, bu, iqtisadi inkişafdır - biz bu üçbucaqda logistikanın inkişafında artıq yaxşı nəticələr əldə etmişik”, - Ukrayna lideri deyib.
Zelenski həmçinin öz Teleqram kanalında Rumıniyaya səfərinin yekunlarından bəhs edən videomüraciət yayıb və Rumıniyaya səfərini səmərəli və məhsuldar adlandırıb. Onun sözlərinə görə, silahlarla da bağlı müsbət razılaşmalar var, bunlar, xüsusən, mərmilərə və hava hücumundan müdafiə sistemlərinə aiddir.
Bundan əlavə, Zelenski bildirib ki, taxıl dəhlizinin fəaliyyətə başlaması üçün tezliklə Moldovadan keçən yeni dəmir yolu xətti açılacaq:
“Biz tezliklə Moldovadan keçən yeni dəmir yolu xəttini açacağıq ki, bu da yeni nəqliyyat dəhlizinə çevriləcək”.
Qeyd edək ki, bundan əvvəl Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spinu da Ukraynanı Rumıniyaya taxıl tranziti üçün lazımi infrastrukturla təmin edəcəklərini bildirmiş, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Komissiyası isə Ukraynadan yüklərin daşınacağı 128 km-lik dəmir yolu relslərinin modernləşdirilməsi üçün Moldovaya 43 milyon avro ayıracaqlarını açıqlamışdı.
Digər tərəfdən, oktyabrın əvvəlində Ukraynanın Baş naziri Denis Şmıqal ölkədə yığılan taxılın cəmi 25%-nin istehlak edildiyini, qalan 75%-nin isə Avropa ölkələri vasitəsilə ixrac edildiyini bildirmişdi.