Azərbaycan Ordusunun mühasirəyə saldığı erməni hərbçilərə cinayət işi açıldı


Ermənistanda keçmiş ordu korpusu komandiri və hərbi hissə zabitləri barəsində cinayət işi başlanıb.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 2021-ci il noyabrın 14-dən Ermənistan Silahlı Qüvvələrinin ordu korpusunun komandiri vəzifəsini tutan V.Q. qarşı tərəflə planlaşdırılmış danışıqlar aparmaq üçün hərbi hissənin komandiri A.M.-ə təlimat verib:
“V.Q. bundan sonra hərbi hissə komandiri A.M.-dən qarşı tərəfin yolun açılması ilə bağlı konkret cavab gözlədiyi barədə raport alıb. Bundan sonra o, şəxsi heyəti döyüş növbətçiliyindən irəli gələn vəzifələri yerinə yetirməkdən yayındıran əmr verib.
Hərbi hissə komandiri danışıqların dayandırılması və qarşı tərəfin döyüşərək irəliləməsinin qarşısının alınması barədə əmr vermək əvəzinə, digər zabitlərlə birlikdə müdafiə xəttinə qayıdıb və burada müavini Q.İ. ilə birlikdə qarşı tərəfin irəliləməsini dayandırmaq və Ermənistan ərazisinə daxil olmasının qarşısını almaq əvəzinə xəbərdarlıq atəşi açmaq barədə əmr verməklə kifayətlənib. Nəticədə, hərbi hissənin komandiri və şəxsi heyət mühasirəyə düşüb.
Digər tərəfdən, hərbi hissənin rota komandirləri M.P. və A.T. də əmrə uyğun hərəkət etmək əvəzinə qarşı tərəfin psixoloji təzyiqinə “təslim olublar” və komandirlərinin icazəsi olmadan və heç bir müqavimət göstərmədən mövqelərini tərk edərək hərbi hissə komandiri ilə birlikdə mühasirəyə düşüblər.
Nəticədə, qarşı tərəf bir sıra döyüş mövqelərini nəzarətə götürüb”, - məlumatda deyilir.
Qeyd olunub ki, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (döyüş vəzifəsi və ya döyüş xidməti qaydalarını pozma) ilə cinayət işinin başlanması barədə qərar qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top