
Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücumla bağlı cinayət işi məhkəmənin icraatına verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Məsud Sataişi məlumat verib.
Terror aktını törədən şəxsə ölüm hökmü verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Məsud Sataişi qeyd edib ki, dinləmə hələ baş tutmayıb və hökm oxunmayıb.
Xatırladaq ki, Azərbaycan Televiziyası (AzTV) Tehrandakı səfirlikdə terror aktı törədən şəxsin edam cəzasına məhkum edilməsi barədə məlumat yaysa da, daha sonra Baş Prokurorluq bu xəbəri təkzib edib.
Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən 50 yaşlı İran vətəndaşı Yasin Hüseynzadə təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.
Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri - ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.