
“Hazırda Horadizdən Ağbəndə kimi avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur. Bu tədbirlər nəticəsində bölgənin tranzit imkanları artır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub”.
Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Zəngilanda jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq:
“Qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. Eyni zamanda, gömrük keçid məntəqəsi infrastrukturunun da yaradılması nəzərdə tutulur”.
Baş nazirin müavini qeyd edib ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq:
“Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək”.
O əlavə edib ki, ərazidə avtomobil yolu ilə yanaşı, dəmir yolu körpüsünun də tikintisi nəzərdə tutulub və bütün infrastruktur bir il ərzində reallaşdırılacaq.