“Rusiya nüvə sınaqları keçirməyi planlaşdırmır” – Peskov


“Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) ratifikasiyasının mümkün ləğvi Rusiyanın nüvə sınaqları keçirməyi planlaşdırması demək deyil”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, Dumanın spikeri Vyaçeslav Volodinin parlamentin aşağı palatasının növbəti iclasında ratifikasiyanın ləğvi məsələsini müzakirə etmək niyyətində olması barədə bəyanatını şərh edərkən deyib:
“Bu, nüvə sınaqları keçirmək niyyəti barədə bəyanat demək deyil”.
Peskov izah edib ki, prezident ilk növbədə de-fakto vəziyyəti ortaq məxrəcə gətirmək zərurətini nəzərdə tutub.
“Çünki xeyli əvvəl biz müqaviləni ratifikasiya etdik, lakin amerikalılar onu ratifikasiya etmədilər. Vəziyyəti ortaq məxrəcə gətirmək üçün prezident bu ratifikasiyanın ləğv edilməsinə icazə verdi, Volodin isə buna hazır olduğunu bildirdi”, - Kreml nümayəndəsi deyib.
Qeyd edək ki, CTBT 24 sentyabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. O, nüvə silahlarının sınaq partlayışlarını, eləcə də, dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir. Qadağa bütün sahələrə (atmosfer, kosmos, su altı və yer altı) aiddir, mütləq və hərtərəfli xarakter daşıyır. Müqavilə ABŞ, Misir, İsrail, İran və Çin tərəfindən ratifikasiya edilmədiyi, həmçinin, Hindistan, Şimali Koreya və Pakistan tərəfindən imzalanmadığı üçün qüvvəyə minməyib.

DİGƏR XƏBƏRLƏR

Top