Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar


Prezident İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin, həmçinin İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnamələrini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, səfirlər etimadnamələrini İlham Əliyevə təqdim ediblər.
Sonra dövlət başçısı səfirlərlə söhbət edib.
Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərləri ilə arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırlayıb. Dövlət başçısı bütün dövrlərdə - həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirib. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd edib.
İqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb. Dövlət başçısı bütün digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu deyib.
Ölkəmizə səfir təyin olunmasından böyük şərəf hissi duyduğunu deyən İssam bin Saleh əl-Cuteyli Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret təlimatlar aldığını bildirib.
Həmçinin, səfir Ömər Bərəkət əl-Naharla söhbətində Azərbaycanla İordaniyanın zəngin tarixə malik dost və qardaş ölkələr olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd edib.
Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən İlham Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Ömər Bərəkət əl-Nahar paytaxtımızda gedən böyük inkişaf proseslərinin və insanların firavanlığının onda dərin təəssürat hissi yaratdığını deyib.
Prezident Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə səfirə minnətdarlığını bildirib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.






DİGƏR XƏBƏRLƏR

Top