“Bəxtiyar Hacıyev hal-hazırda heç bir hüquqi əsas olmadan həbsdə saxlanılır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış vəkil Elçin Sadıqov özünün sosial şəbəkə hesabında yazıb.
O fikrini belə izah edib:
“AR Cinayət Prosessual Məcəlləsinin 218.10.4. maddəsinə əsasən ağır cinayətlərin istintaq müddəti maksimum 13 aydır. Bu müddət də 28 oktyabr 2023-cü ildə bitir. Bəxtiyar Hacıyevin işi üzrə baş prokurora istintaq müddətinin 16 ayadək, yəni 28 yanvar 2024-cü ilədək artırılması barədə qərarı təqdim etdilər. Biz bunun qanunsuz olduğunu bildirəndə hakim bildirdi ki, onun halı pisləşib. İki saatlıq fasilədən sonra hakim həbsin uzadılması barədə qərar qəbul etdi”.
Xatırladaq ki, ötən gün – oktyabrın 2-də Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini daha 3 ay uzadıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-cü (yalançı sahibkarlıq), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Sonuncu dəfə isə iyulun 22-də Xətai Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında fəal barəsində həbs qətimkan tədbirini oktyabrın 8-dək uzadıb.