“Cahangirbəyli” SES-in açılışı oldu – Fotolar


Prezident İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görülən işlər barədə məlumat verdi.
Qeyd olunub ki, işğaldan azad olunan ərazilərdə yeni “yaşıl enerji” potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb.
Bildirilib ki, “Cahangirbəyli” SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki eko-turbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək.
Prezidentin cari ilin mayında tikintisinə baxış keçirdiyi bu 4 stansiyadan ibarət 42 meqavatlıq “Zəngilan” Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə - cəmi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib.
Bu dörd stansiyanı su ilə təmin etmək üçün “AzərEnerji” tərəfindən dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də yardım edəcək.
Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. “Cahangirbəyli” SES-in ətrafında 8 mindən çox ağac əkilib.
Dövlət başçısı “Cahangirbəyli” Su Elektrik Stansiyasını işə salıb.


 



DİGƏR XƏBƏRLƏR

Top