Ermənistan Parlamentinin Dövlət və Hüquq Məsələləri Daimi Komissiyası öz iclasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, qanun layihəsi komissiyada qəbul edilərək parlamentə göndərilib. Komissiyanın iclası yerli portallar tərəfindən canlı şəkildə yayımlanıb.
“İştirak edənlərin hamısı bu qanun layihəsinin qəbul edilməsinə və parlamentin iclaslarının gündəliyinə daxil edilməsinə səs verdi”, - deyə komissiyanın sədr müavini Arusyak Culakyan qeyd edib.
Qeyd edək ki, komissiyanın iclasında müxalifət üzvləri iştirak etməyib.
Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan əmin edib ki, BCM-nin Roma Statutunun qəbulu heç bir şəkildə Ermənistan-Rusiya münasibətlərinə təsir etmir.
Qeyd edək ki, sentyabrın 1-də Ermənistan hökuməti Roma Statutunu ratifikasiya üçün Milli Assambleyaya göndərib.
Xatırladaq ki, bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib. Bir həftə əvvəl isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.