“Xocalı qətliamının açdığı yaralar var. Təbii ki, Xocalıdakı qırğın o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır. Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikası səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.
“Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı sözün əsl mənasında köçüb. Hara? Azərbaycana. İndi 10 ildən sonra Azərbaycan bu qətliamın qisasını aldı. Çox, çox fərqli şəkildə aldı və torpağını geri qaytardı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa və Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı. Nəhayət, Azərbaycan öz göbəyini kəsdi, işi bitirdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi. İllər əvvəl erməni quldur dəstələrinin etdiyi kimi ora girmədi. İnsanları qırmağa getmədi. O, layiq olduğu sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, ötən gün – sentyabrın 25-də R. T. Ərdoğan Naxçıvan MR-ə rəsmi səfərə gəlib.