
“Ötən həftənin şənbə və bazar günləri Bakı İstintaq Təcridxanasında saxlanılan Qubad İbadoğlunun səhhəti kəskin pisləşib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatı liderinin qardaşı Qalib Bayramov özünün sosial şəbəkə hesabında yazıb.
“Şənbə günündən başlayan başağrısı və halsızlığın səbəbləri məlum deyil, çünki qardaşım hər hansı müayinədən keçirilmir, qan və digər analizlər aparılmır. Qardaşım özü ona verdiyimiz aparat vasitəsilə qanda şəkərini ölçüb, məlum olub ki, yeməkdən sonra şənbə günü 278 mq/dl, bazar günü isə 374 mq/dl-dir.
Müqayisə üçün deyim ki, toxluq qan şəkərinin üst səviyyəsi isə 140 mq/dl-dir”, - Q. Bayramov bildirib.
O xatırladıb ki, sentyabrın 20-də Avropa İnsan Haqları Məhkəməsi vəkillərin Qubad İbadoğlunun səhhəti ilə bağlı vəsatətini təmin edib və Azərbaycan hakimiyyəti üzərinə qardaşımın səhhəti ilə bağlı məsələləri konkret bəndlər üzrə araşdırmaq, həmçinin bu barədə Avropa Məhkəməsini məlumatlandırmaq vəzifəsi qoyub:
“Belə görünür, ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov, İdarənin Bakı İstintaq Təcridxanası üzrə kuratoru Elnur Məmmədov və Bakı İstintaq Təcridxanasındakı Tibbi Sanitar Hissəsinin rəisi Rəşad Hüseynli Avropa Məhkəməsinin qətnaməsini saymırlar və bu saymazlığın Azərbaycan üçün hansı hüquqi nəticələr doğuracağı veclərinə deyil. Bu üç şəxs Avropa Məhkəməsinə göndərilən sənədlərin hazırlanmasında (saxtalaşdırılmasında) birbaşa iştirak ediblər”.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.