“Kreml Rusiya sülhməramlılarını günahlandırmaq cəhdləri ilə razılaşmır”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Qarabağ ətrafındakı vəziyyətə görə məsuliyyəti Moskva və Rusiya sülhməramlılarının üzərinə qoymaq cəhdi ilə qəti şəkildə razılaşmır.
“Biz bu anın emosional intensivliyini başa düşürük, lakin məsuliyyəti Rusiya tərəfinin, hətta daha çox Rusiya sülhməramlılarının üzərinə qoymaq cəhdi ilə qəti şəkildə razılaşmırıq”, - Peskov vurğulayıb.
“Heç kim sülhməramlıları hansısa səhvə yol verməkdə günahlandıra bilməz. Biz heç vaxt bu cür qınaqlarla razılaşmayacağıq”, - deyə o bildirib.
Kremlin sözçüsü Moskvanın tərəflərlə müxtəlif səviyyələrdə dialoqu davam etdirdiyini bildirib, xüsusən də sentyabrın 20-də Rusiya prezidenti Vladimir Putinin Paşinyanla son telefon danışığını xatırladıb.
O qeyd edib ki, Moskva bundan sonra da baş nazir Nikol Paşinyanla təmas qurmaqda və Qarabağ ermənilərinin hüquqlarına hörmətlə yanaşmaqda davam etdirəcək.
Qeyd edək ki, bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını dayandıra biləcəyini bəyan etmiş və bütün bu baş verənlərə görə onların da üzərində məsuliyyət payı olduğunu bildirmişdi.