
İctimai fəal Ruslan Vahabovun sentyabrın 22-də saxlanıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Meydan TV-yə yaxınları məlumat veriblər.
Onlar bildiriblər ki, Ruslan Vahabov evdən işə getmək məqsədilə çıxdıqdan sonra onunla əlaqə kəsilib.
Bir gün sonra məlum olub ki, polislər onu saxlayaraq Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparıblar.
Sentyabrın 23-də isə Ruslan Vahabov öncə Nizami Rayon Polis İdarəsinə, oradan da 24-cü Polis Bölməsinə göndərilib.
Daxili İşlər Nazirliyinin “102” qaynar xəttindən ailəsinə bildirilib ki, ictimai fəal narkotik ittihamı ilə saxlanılıb, amma bununla bağlı hələ ki heç bir rəsmi məlumat yayılmayıb.
Ruslan Vahabovun həbsinin onun sosial şəbəkədəki statusları ilə əlaqəli olduğu deyilir.
“O, 4 gün öncə yazmışdı: “İnşallah, səhər “Xankəndi Azərbaycandır” sədaları ilə açılsın”. İki gün öncə isə belə bir status paylaşmışdı: “Sual: nə qazandıq 24 saat 43 dəqiqəyə? Xankəndində “Bravo” tezliklə tikiləcək, yoxsa yox?”, – yaxınları bildiriblər.
Onlar ictimai fəalın məhz sonuncu paylaşımla bağlı həbs edildiyini düşünürlər.
Yaxınları deyiblər ki, Ruslan Vahabov Bakıda kirayədə yaşayır, fəhlədir.
Onun 2 azyaşlı körpəsi var.
Daxili İşlər Nazirliyindən Ruslan Vahabovun saxlanılmasının səbəbini öyrənmək mümkün olmayıb.