
“Görünən odur ki, Putin (Rusiya Prezidenti Vladimir Putin) Qarabağda yaşayan ermənilərin bir çoxunu İrəvana köçürərək orada vəziyyəti daha də qəlizləşdirib Paşinyanı (Ermənistan Baş naziri Nikol Paşinyan) devirməkdə israrlıdır. İrəvan erməniləri ilə bu iş alınmır, indi əhalinin “ülvi” hisslərini istismar etməklə, “qaçqın-köçkün” hekayəsini alovlandırmaqla çevriliş hazırlayır”.
Yeniavaz.com xəbər verir ki, bunu REAL partiyasının icra katibi Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.
“Paşinyanın artıq itirəcəyi heç nə yoxdur. Ermənistanın 10 Noyabr bəyanatından çıxdığını elan etsə, oktyabrın əvvəlində Avropada baş tutacaq görüşdə sülh sazişinin qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə başlayan ilk protokolunu imzalasa, əla olar. Bu zaman “rusməramlıların” Qarabağda qalması üçün bütün hüquqi təməl çökər. Bu niyə vacibdir?! Deyim: Bu gün Rusiya da, Qərbin bəzi savadsız siyasətçiləri də Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə bir tək Azərbaycanın məsuliyyət daşıdığını deyirlər – təbii ki, Azərbaycan dövləti və hökuməti öz ərazisində yaşayan erməni əsilli azərbaycanlıların (vətəndaşlıq tanımıdır) təhlükəsizliyinə zəmanət verməlidir, təmin etməlidir – amma o şərtlə ki, o bölgədə digər əlisilahlı heç bir qüvvə olmasın. Ya biz elan etməliyik ki, ola biləcək provokasiyalara görə “rusməramlılar” məsuliyyət daşıyır, ya da deməliyik ki, siz çıxın, ərazidə başqa heç bir silahlı qüvvə qalmasın, o zaman da bütün məsuliyyəti biz öz üzərimizə götürürük.
Nə qədər ki, ruslar ordadır, istənilən provokasiyanı törədib bunu Azərbaycanın üzərinə ata bilərlər...” – N. Cəfərli bildirib.