“Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub”.
Yeniavaz.com xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib:
“Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub”.
***14:11
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə millət vəkilinin qardaşı Hüseyn Paşayev “Qafqazinfo”ya bildirib.
Onun sözlərinə görə, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür:
“Bu gün səhər saatlarında Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov xəstəxanada olub. Heydər Əliyev Fondunun əməkdaşları xəstəxana ilə müntəzəm əlaqədədir və millət vəkilinin müalicəsi üzrə bütün zəruri dəstək və tədbirlər görülür”.
***12:05
Deputat Qənirə Paşayevanın komaya düşdüyü bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilir ki, onun vəziyyəti stabil ağırdır.
Deputatın dərmandan komaya düşdüyü bildirilib.