Əsəd Əsədov vəfat etdi


Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, tanınmış kino xadimi Əsəd Əsədov 76 yaşında dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.
Qeyd edək ki, Əsəd Əsədov 1947-ci il martın 1-də Bakıda anadan olub. 1970-ci ildə Leninqrad (Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunu bitirib. 100-ə yaxın bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissoru olub.
Onun ilk işlədiyi film rejissor Tofiq İsmayılovun “Körpüsalanlar” povesti əsasında ekranlaşdırdığı “Çarvadarların izi ilə” (1974) filmi olub. Bu filmə başlayanda artıq dublyajda işləmək təcrübəsinə sahib idi.
Onun səs operatoru və  səs rejissoru kimi işlədiyi filmlər (“Firəngiz” (1975), “Arxadan vurulan zərbə” (1977), “Mən mahnı qoşuram” (1978), “Qorxma, mən səninləyəm” (1981), “Bəyin oğurlanması” (1985), “Cin Mikrorayonda” (1985), “Qanlı zəmi) (1985), “Süd dişinin ağrısı” (1987), “Tələ (1991), “Fəryad” (1993), “Ailə” (1998), “Etimad telefonu” (2001), “Arxada qalmış gələcək” (2004), “Küçələrə su səpmişəm) (2004), “Əlvida, cənub şəhəri) (2006), “Biz qayıdacağıq” (2007), “Məhkumlar” (2007), “Silahdaşlar” (2019) və s.) janr etibarilə bir-birindən kəskin surətdə fərqlənir.
Əsəd Əsədov “Yaramaz” filminə görə dövlət mükafatı (1991), “Ailə” filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına (2003) layiq görülüb.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adını alıb. Dövlət Mükafatı laureatıdır. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top